Sports

Azərbaycanın iki cüdoçusu nüfuzlu yarışın finalında mübarizə aparacaq

Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə “Masters” turniri davam edir.

Millimizin iki legioneri finala yüksəlib.

100 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa mükafatçımız Elmar Qasımov ilk görüşdə braziliyalı rəqibini 37 saniyəyə ippona salıb qalib gəlsə də, növbəti mərhələdə Peter Paltçikə (İsrail) uduzaraq mübarizəni dayandırıb.

Həmin çəkidə digər idmançımız Zelim Kotsoyev ilk görüşdə misirli rəqibini məğlub edib. Şimali Osetiyadan (Rusiya) olan legionerimiz daha sonra Quham Ço (Koreya), Şadi Əl-Nahas (Kanada) və Simeon Katarinanı (Niderland) yenməklə finala yüksəlib. Zelim həlledici qarşılaşmada Olimpiya mükafatçısı, ikiqat dünya (komanda şəklində) və səkkizqat (üçü fərdi, beşi komanda şəklində) Avropa çempionu gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşacaq.

Qadınların mübarizəsində İrina Kindzerskaya (+78 kq) ilk görüşündə Almaniya təmsilçisini məğlub edib. Ukraynalı legionerimiz ardınca Hayun Kim (Koreya), Hortens Vanessa Mballa Atanqananı (Kamerun) məğlubiyyətə uğradıb. Finalda İrina fransalı dünya mükafatçısı və ikiqat Avropa çempionu Roman Diko ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya cüdo turu seriyasından olan, Olimpiadaya lisenziya xalları qazandıran “Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparır.

Oxu.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *